Uşaqlarda iştahasızlıq
Günümüzün ən aktual problemlərindən biridir. Tez-tez valideynlərdən: “Bu uşağın yeməklə heç arası yoxdur, yemək verməsən günlərlə ac qalar” kimi sözləri eşidirik.
Doğrudan belə uşaqlar varmı?
Bu hallarda nə etməliyik?
Ümumiyyətlə uşaqlarda iştahasızlığın əsas səbəbi əksər hallarda qidalanma tərzində olan qüsurlarla bağlıdır. Düzgün seçilməyən qida növü ( “abur – cubur”, paketlənmiş qidalar, konservant qidalar və s.), öyün arası xırda atışdırmalar , məcburi yedizdirmələr, aktiv olmayan həyat tərzi, qeyri-düzgün yuxu rejimi və başqa səbəblər iştahasızlığa yol açan hallardır.
İştahasız uşaqlar 6 kateqoriyada cəmlənir
Mütəxəssislərin fikrinə görə iştahasız uşaqlar, yəni ,,yeməklə arası olmayan” uşaqlar əsas 6 kateqoriyada cəmlənir.
- Yeməyi seçən uşaqlar
- İştahasız və çox hərəkətli uşaqlar
- İştahasız sayılan, amma normal uşaqlar
- Bir xəstəliyə bağlı iştahası olmayan uşaqlar
- Yeməkdən qorxan uşaqlar
- İştahasız, özünə qapanan uşaqlar
İştahasız olan uşaq bu kateqoriyalara uyğun incələnir və müvafiq olaraq məsləhət və ya müalicə tədbiri seçilir.
Uşaqlarda iştahasızlığı necə aradan qaldırmaq olar?
- Yeməyi seçən usaqlar
Bu uşaqlar müəyyən dada, formaya, görüntüyə malik yeməkləri rədd edər, məcbur edildikdə əksinə tərslik edib, tam qidalanmadan belə imtina edər. Belə uşağı məcbur yedizdirmək əvəzinə, həmin yeməkləri maraqlı, qeyri-adi görünüşdə, fərqli dadda fasilələrlə uşağa təqdim etmək fayda verir .
- İştahasız, çox hərəkətli uşaqlar
Yeməyə qarşı maraqsız, tez doyan uşaqlardır. Diqqəti tez dağılan, yüksək aktivliyə, enerjiyə malik, oyunlara daha çox həvəsli olan bu uşaqlar bir an öncə yemək masasından qalxmaq istəyir. Bu tip uşaqlar üçün yemək masasında maraqlı yemək ritualları, düzgün qidalanma, diqqət tərbiyəsini nizama salmaqla, problemin çözüm yolu tapılır.
- İştahasız sayılan normal uşaqlar
Əslində belə uşaqlara yeməyi ehtiyac olduğu qədər yeyən, sağlam uşaq kimi yanaşmaq lazımdır. Bu uşaqlar anaları tərəfindən çox yeyən uşaqlarla müqayisə edilərək, onu iştahasız uşaq kimi tərif edilməsinə səbəb olur.
Belə uşaqlarda iştahasızlıq müayinəsi zamanı tam normal olaraq dəyərləndirilir.
- Hər hansı bir xəstəliklə əlaqədar iştahasız uşaqlar
Bəlli olduğu kimi, burda hər hansı kəskin və ya xroniki bir xəstəliyi olan, mübadilə pozğunluğu, metabolik xəstəliyi, orqan və sistemlərin müxtəlif patologiyaları, qurd, parazitar xəstəliklər və başqa digər xəstəlikləri olan uşaqlar nəzərdə tutulur. Bu baxımdan uyğun səbəbin araşdırılması əsas önəm daşıyır. Müalicə isə səbəbə yönəlik aparılır.
- Yeməkdən qorxan usaqlar
Yeməyə qarşı kəskin dirənc göstərən bu tip uşaqlar, yemək yeməmək üçün hər cür inadkarlıq edirlər, əlləri ilə ağızlarını tuturlar, ağızlarında olan yeməyi tüpürürlər, ağlağan olurlar. Bu tipdə olan uşaqlara yemək barədə bir az soyuqqanlı yanaşmaq, inadlaşmamaq, yeməyi fasiləli şəkildə, müxtəlif formalarda vermək fayda verir.
- Özünə qapanıq olan iştahasız usaqlar
Bu kateqoriyaya aid uşaqlarda problemin əsas səbəbi ailə və sosial mühitdən qaynaqlanır. Ailədaxili gərgin münasibətlər , mənfi emosial mühit , ayrılmalar, ailəyə ikinci uşağın gəlməsinə olan qısqanclıq ,valideynlərindən gördüyü soyuq münasibət, asosial, toplu mühitindən kənarda qalmağı üstün tutan uşaqlar bu qrupda yer alır. Həllin əsas yolu da burdan başlayır.
İştahasız, “yeməklə arası olmayan” uşaqların hansı kateqoriyaya aid olduğu anamnez və ailə ilə ətraflı söhbət əsnasında dəqiqləşdirilir. Ailənin dəstəyi ilə, müştərək olaraq, problemin daha asan həllinə vararaq, istədiyimiz nəticəni əldə edə bilirik
Uşaqların qidalanmasında məcburiyyət, güc, şiddət yanlış üsuldur. Belə halda uşaqda yeməklərə qarşı ikrah hissi yaranır, zamanla qidalanma ilə bağlı daha çox problemlər ortaya çıxır və ən əsası psixolojik, aqressiv bir uşaq böyüyür.
Pediatr Nüşabə Cəbrayılova ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük