Bipolyar affektiv pozuntu (BAP) – təkrarı (heç olmazsa iki) affektiv epizodlarla xarakterizə edilən xəstəlikdir və həmin epizodlardan biri maniakal, hipomaniakal və ya qarışıq tipə aid olur. Təkcə təkrarlanan maniya epizodlarından əziyyət çəkən xəstələrə nisbətən az rast gəlinir. Onlar xəstəliyin əsas xüsusiyyətlərinə görə (ailə anamnezi, premorbid xüsusiyyətlər, xəstəliyin başlama vaxtı və proqnoz) nadir depressiya epizodlarının da müşahidə edildiyi xəstələri xatırladırlar.
Ona görə də belə xəstələr bipolyar pozuntusu olan pasiyentlər kimi qiymətləndirilir. Bir dəfə baş vermiş maniakal epizod və siklotimiya bipolyar pozuntunun diaqnostik kateqoriyasına daxil deyil.
Epidemiologiya
Bipolyar pozuntunun yayılma səviyyəsi əvvəllər hesab edildiyindən daha yüksəkdir və yaşlı əhali arasında həyat ərzində 1,6% təşkil edir. Bipolyar pozuntu ilə xəstələnmə səviyyəsi həm kişilər, həm də qadınlar üçün təqribən eynidir, lakin bipolyar pozuntunun bəzi alttiplərinə (II tip bipolyar pozuntu) qadınlar arasında daha tez-tez təsadüf olunur.
İlk epizod istənilən yaşda meydana çıxa bilər, ancaq 15 yaşa qədər bipolyar pozuntunun başlanğıc mərhələsini diqqət çatışmazlığı ilə müşayiət olunan hiperaktivliklə, 60 yaşdan yuxarı isə mərkəzi sinir sisteminin üzvi pozulmaları ilə diferensiasiya etmək çətinlik törədir. Pasiyentlərin əksəriyyətində xəstəlik 15-24 yaş arasında başlayır.
Bipolyar pozuntunun müalicəsi
Bipolyar pozuntunun maniakal, hipomaniakal və qarışıq epizodlarının müalicəsi:
Maniakal, hipomaniakal və qarışıq epizodların müalicəsi simptomların kəskinlik dərəcəsindən, əvvəlki müalicədən, həmçinin pasiyentin öz vəziyyətini anlamasından və müalicəvi tədbirləri yerinə yetirməyə hazır olmasından asılıdır.
Maniakal vəziyyətin mənfi nəticələrini azaltmaq üçün həkimlər pasiyentə müalicə zamanı güclü stimullardan çəkinməyi, sakit fəaliyyətlə məşğul olmağı, vacib qərarların qəbulunu təxirə salmağı və aktivliyin azalmasına gətirib çıxaran uyğun gündəlik rejimə (yuxu vaxtı daxil olmaqla) keçməyi tövsiyə etməlidirlər.
Psixoloq Yunis Abdullayev ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.