Uşaqlar böyüməkdə olan bir orqanizmdir və bu böyümədə mikroelementlər, minerallar kimi vitaminlər də çox vacib rol oynayır.Böyümənin daha sürətli olduğu 0-2 yaş, 5 və 11 yaşlarda vitaminlərə olan ehtiyac daha çoxdur.
Vitaminlər orqanik maddələr olaraq, bədənimizin əvəzolunmaz bir parçasıdır.
Bildiyimiz kimi, vitaminlər 2 qrupa ayrılır:
- Yağda həll olan vitaminlər
- Suda həll olan vitaminlər
A,D,E,K yağda həll olan vitaminlərdir. Bədəndən xaric olmadığı üçün orqanizmdə depolanıb qalırlar. Bu da o deməkdir ki, bu vitaminlərin artıqlığı toplanaraq, tez bir zamanda toksiki səviyyəyə çataraq , orqanizm üçün zərər verə bilər.
C və B qrup vitaminləri suda həll olan vitaminlərdir, bədəndə toplanmır. Orqanizmdə artıq miqdarı, sidiklə atılır və toksiki dozaya səbəb olmur.Ancaq bununla belə, artıq yüklənmə olarsa, orqan və sistemlərə müəyyən dərəcədə zərərlərə səbəb ola bilər. Buna görə ehtiyac olmadığı təqdirdə uşaqlara, yersiz vitaminlərin verilməsi məsləhət deyil .Valideynlərin həkim təyinatı olmadan belə, əczaxanadan hər hansı bir vitamin alıb verməsinə, bir pediatr kimi hər zaman qarşıyam.
Nə zaman, hansı uşağa vitamin verilməlidir?
Ən düzgün yol – vitaminlər sağlam qidalanma ilə təbii yollarla , düzgün şəkildə qəbul olunmalıdır. Yəni gündəlik rasionda müxtəlif rəngli meyvə- tərəvəzlər, göyərtilər, çərəzlər varsa ,uşaq sevərək bunlardan qidalanırsa, fiziki- psixomotor inkişafı normaldırsa, əlavə müayinə gərəkdirməyən bir vəziyyəti yoxdursa , uşağa vitamin verilməsinə ehtiyac duyulmaz.
Xronik bir xəstəliyi olan, inkişafında geriləmələr müşahidə olunan, tez- tez xəstələnmə halları olan, yeməklərə qarşı seçiciliyi olan , meyvə – tərəvəzi qəti olaraq sevməyən bir uşağınız varsa , bu halda orqanizmin günlük tələbatını ödəmək üçün, vitamin dəstəyi verilə bilər.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük