PsixiatriyaSağlamlıq

Psixologiya həvəskarları üçün 10 film

Psixoloji filmlər təkcə əyləndirmir, həm də insan psixikasının dərinliklərinə enməyə, özünüzü və ətrafınızdakıları daha yaxşı anlamağa kömək edir. Bu yazıda sizə psixologiya, şəxsiyyət pozuntuları, travmalar və insanın özü ilə mübarizəsi haqqında düşündürən 10 film tövsiyə edirəm.

“Pursuit of Happyness” (2006) – Bu film bir atanın evsiz qalmasına, işsizliyə və bütün çətinliklərə baxmayaraq, oğlu üçün daha yaxşı həyat qurmaq uğrunda göstərdiyi əzmkarlıqdan bəhs edir. Kris Qardnerin hekayəsi psixoloji dayanıqlılıq, ümid və məqsəd yönümlü davranışın insan həyatında oynadığı rolu əyani şəkildə göstərir.

“Stutz” (2022) – Bu, adi bir sənədli film deyil. Məşhur psixiatr Fil Stutzun dünyasına bir baxışdır.

Filmin rejissoru Cona Hill həm Stutzun dostu, həm də onun xəstəsidir . Əsasən ağ-qara formatda çəkilmiş bu filmdə Hill və Stutz üzləşərək söhbət edir, psixi sağlamlıqla bağlı üsulları müzakirə edirlər . Stutz dünyanın ən yaxşı psixiatrlarından biri hesab olunur və 40 il ərzində saysız-hesabsız xəstəyə, o cümlədən Hollivud aktyorlarına, prodüserlərə və psixoterapiyaya şübhə ilə yanaşan insanlara kömək edib . Filmin ən maraqlı cəhəti isə burada təkcə xəstə deyil, həm də psixoterapevtin özünün müalicə olunmasıdır. Stutz gənc yaşında yaxınlarını itirib, anasının təsiri ilə qadınlarla münasibətlərində etibarsızlıq yaşayıb, yetkinlik çağında isə Parkinson xəstəliyinə tutulub . Yəni, həkim də öz zəiflikləri, ağrıları və çətinlikləri olan bir insandır. Stutzun fəlsəfəsinə görə, həyatda qaçılmaz olan üç şey var: ağrı, qeyri-müəyyənlik və fasiləsiz səy . Film bizə göstərir ki, ağrı tamamilə yox ola bilməz, amma biz yerimizdə saymağı dayandırıb həyata davam etməyi seçə bilərik. Hər kəsin öz psixi sağlamlıq səyahətində ilham ala biləcəyi bir əsərdir.

 

“In Treatment” – Əslində bu serialdır, amma hər bölümü ayrıca bir psixoloji roman kimidir. “In Treatment” (2008-2010) psixoterapiya prosesinin ən real ekran təsvirlərindən biri hesab olunur .

Serialın unikal quruluşu var: həftənin müxtəlif günlərində psixoterapevt Pol Vestonun (Qabriel Birn) müxtəlif xəstələri ilə sessiyaları göstərilir – hər bir xəstənin bölümü onun seans gününə uyğun yayımlanır . Hər epizod sadəcə Polun ofisində, xəstə ilə psixoterapevt arasında keçən dialoqa söykənir.

“Maniac” – Bu miniserialı yuxu ilə reallıq arasında gedən psixodelik səyahət adlandırmaq olar.

Serialın hadisələri bizim dünyamıza çox bənzər, bizim zamanımıza çox yaxın bir dövrdə cərəyan edir –  amma elə bir az təhrif olunmuş, qeyri-real detallarla ki, sanki tanış bir şəhərdə gəzirsən, amma hər şey bir az əyridir. Hekayənin mərkəzində iki tamamilə yad insan dayanır: Anni Landsberq (Emma Stoun) və Ouen Milqrim (Cona Hill). Hər ikisinin özünəməxsus, tutarlı səbəbləri var və bu səbəblər onları sirli bir dərman testinin son mərhələsində bir araya gətirir.Anni  həyatdan bezmiş, ümidsiz bir qadındır. O, keçmişinin ağırlığı altında əzilir və gündəlik həyatın darıxdırıcı təkrarlarından qaçmaq üçün çarə axtarır. Ouen isə Nyu-York sənaye maqnatlarından birinin beşinci övladıdır. Lakin onun problemləri ailəvi deyil, daha dərindir – mübahisəli şizofreniya diaqnozu ilə bütün həyatı boyu mübarizə aparıb. Cəmiyyət tərəfindən anlaşılmamış, öz ailəsi tərəfindən isə daim şübhə altında saxlanılmış biridir.Hər ikisi öz həyatlarından narazıdır və yeni, radikal bir dərman müalicəsinin vəd etdiyi dəyişiklik onları, digər on yad adamla birlikdə, üç günlük bir sınaq proqramı üçün Neberdine Pharmaceutical and Biotech şirkətinin binasında bir araya gətirməyə kifayət edir. Dərmanın yaradıcısı doktor Ceyms K. Mantlerey (Castin Teru) bu müalicənin psixi pozuntulardan  tutmuş bütün problemləri sağalda biləcəyini iddia edir. Üç gün ərzində heç bir yan təsir, heç bir fəsad olmayacağı və bütün iştirakçıların problemlərinin birdəfəlik həll olunacağı vəd edilir. Amma, təbii ki, işlər planlaşdırıldığı kimi getmir.Hər bir iştirakçı dərmanın təsiri altında öz şüuraltının dərinliklərinə enir, qorxuları, arzuları və travmaları ilə üzləşir.

“American Psycho” (2000) – Bu filmdə Patrik Beyteman obrazı narsisizmin ifrat formasıdır. Səthi baxanda o, uğurlu bir iş adamıdır, amma daxilində tamamilə boş, amansız və tanınmaq ehtirası ilə yaşayan biridir.

Beyteman müasir insanlarda getdikcə daha çox rast gəlinən xüsusiyyətləri – eqosentrik düşüncə, empatiya çatışmazlığı, diqqət və heyranlıq tələbi, istismarçı və səthi münasibətləri  təcəssüm etdirir.

Split – M. Nayt Şyamalanın bu filmi disosiativ şəxsiyyət pozuntusunu dramatik şəkildə işıqlandırır. Baş qəhrəman Kevinin 23 fərqli şəxsiyyəti var və film boyunca gərginlik heç enmir.

Film əyləncəli olsa da, psixi pozuntuların real təsviri kimi qəbul edilməməlidir. Disosiativ şəxsiyyət pozuntusu əslində psixoloji travma ilə əlaqəli bir pozuntudur və xəstələrin şəxsiyyətində bütövlük olmaması, parçalanmış bir “Mən” hissi və yaddaş itkiləri ilə xarakterizə olunur.

Gypsy – Bu serial psixoterapevtin öz xəstələrinin həyatlarına gizli daxil olması və sərhədləri aşıb pozması haqqındadır.

Naomi Uotts bu rolda o qədər inandırıcıdır ki, izləyərkən nəyin doğru, nəyin yanlış olduğuna özünüz də şübhə etməyə başlayırsınız. Serial psixoterapiya etikası, peşəkar sərhədlər və psixoterapevtin öz şəxsi problemlərinin işə təsiri haqqında düşündürən əsərdir.

Black swan – Bu film mükəmməllik axtarışının insanı necə məhv edə biləcəyini göstərir. Balerina Nina səhnədəki “Qu quşu” obrazı ilə öz daxili aləmi arasındakı sərhədləri get-gedə bulanıqlaşdırır.

Nina özünü anası Erika, köhnə “Mən”i Bet, rəqibi Lili (id-mən) və rejissor Brennan (mediator) – proyeksiya edir .Lili Nida üçün qaranlıq tərəfi, id-məni təmsil edir. Nina əvvəlcə bu qaranlıq tərəfdən qaçmağa çalışsa da, sonda başa düşür ki, ağ və qara qu quşu hər ikisi onun özündədir . Burada Ninanın şəxsiyyətinin parçalanması özünü aktuallaşdırmaq üçün bir vasitədir . Digər tərəfdən isə filmdə təsvir olunan “Mükəmməllik illüziyasının” dağıdıcı xarakterini vurğulanır – Nina anasının, rejissorun və başqalarının arzularının qurbanına çevrilir .

Girl, interrupted – 1960-cı illərdə psixiatriya klinikasında keçən bu film gənc qadınların psixi sağlamlığı ilə bağlı real hekayələrini əks etdirir.

Uinona Rayder və Ancelina Coli-nin rolu o qədər güclüdür ki, xəstəxana divarları arasında keçən həyatın nə qədər çətin olduğunu hiss edirsən. Film  şəxsiyyət pozuntusu, depressiya, anoreksiya kimi müxtəlif psixi pozuntuları real və həssas bir şəkildə təsvir edir. Xəstələr arasındakı münasibətlər, klinika işçiləri ilə qarşıdurmalar və sağalma prosesinin çətinlikləri burada canlı əks olunub.

“Joker” (2019) – Bu film cəmiyyətin kənarlaşdırdığı, heç kimə lazım olmayan bir insanın psixikasının tədricən necə çökdüyünü göstərən ağır bir dramdır.

Artur Flek sosial təcrid, uşaqlıq travması və psixi pozuntularla  mübarizə aparan bir insandır. Onun çevrildiyi “Joker” əslində cəmiyyətin ona vurduğu zərbələrə qarşı bir reaksiyadır. Gülüşlə ağrının birləşməsidir.

Back to top button