Podaqra xəstəliyi cəmiyyət arasında “Kralların xəstəliyi” kimi də tanınan bir xəstəlikdir. Bu xəstəliyin çox vaxt yemək və içmə vərdişlərindən qaynaqlandığı göstərilir.
Bəs elmi cəhətdən podaqra nədir?
Podaqra ani və şiddətli oynaq ağrılarına səbəb olan bir artrit növüdür (oynaqların iltihabı). Podaqra revmatik xəstəlik hesab edilsə də, səbəb olduğu şərtləri nəzərə alsaq, həm də metabolik bir xəstəlikdir.
Hər bir insanın qanında müəyyən miqdarda sidik turşusu var. Normalda sidik turşusu qanda həll olur və böyrəklər vasitəsilə sidikdə ifraz olunur. Bununla birlikdə, bədən çox sidik turşusu istehsal edərsə, sidik turşusu kristalları meydana gələ bilər. Bu sidik turşusu kristalları oynağın içərisində,ətrafında yığılaraq oynaqlarda ağrıya, iltihaba və şişməyə səbəb ola bilər. Podaqra zamanı daha çox ayağın baş barmağını zədələyir,lakin əllərdə, biləklərdə və dizlərdə də baş verə bilər.
Podaqranın simptomları hansılardır?
Podaqranın ən çox görünən simptomları bir və ya bir neçə oynaqda qəfil ağrı hücumlarıdır. Podaqranın digər əlamətləri aşağıdakıları əhatə edə bilər:
- Şiddətli ağrı
- Şişkinlik
- Qızartı
- Yanma hissi
Podaqra zədələdiyi yer, ayaq baş barmağı oynağıdır. Ayaq biləkləri, dizlər, əl biləkləri, barmaqlar və dirsəklər podaqra zamanə zədələnə bilən digər oynaqlardır. Kəskin qəfil başlayan ağrı o qədər güclü ola bilir ki, hətta barmağa yüngül toxunuş belə şiddətli ağrıya səbəb olur. Bu ağrılı hücumlar adətən dərmanla və ya dərmansız saatlar və ya günlər ərzində keçir. Nadir hallarda, həftələr çəkə bilər. Podaqra xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti illər ərzində təkrarlanan podaqra
simptomları ilə qarşılaşırlar.
Podaqra hücumları (tutmaları) ildə bir neçə dəfə baş verə bilər və bir neçə gün davam edə bilər. Bu hücumlar zamanı; Sidik turşusu kristalları qığırdaqda, bağlarda və yumşaq toxumalarda toplanaraq ,dəri altında “tofus”adlanan şişlər əmələ gətirir və yanaşı olaraq böyrəkləri də zədələyə bilər. Erkən aşkarlanma, müalicə və həyat tərzi dəyişiklikləri ilə Podaqra,artritin idarə oluna bilən formasıdır.
Podaqra xəstəliyinin yaranmasına səbəb nədir?
Normal şəraitdə bədəndəki tullantılar (xüsusilə protein əsaslı tullantılar) sidik turşusuna çevrilərək bədəndən çıxarılır. Orqanizmdə müəyyən fermentlərin çatışmazlığı, sidik turşusunun xaric edilməsində problemlər və ya sidik turşusunun həddindən artıq istehsalı sidik turşusunun qanda və orqanizmdə toplanmasına səbəb olur. Oynaqlarda toplanan sidik turşusu bu nahiyələrdə iltihaba səbəb olur ki, bu da oynaqda mayenin artmasına, hərəkətin məhdudlaşdırılmasına və ağrıya səbəb olur.
Podaqra xəstəliyi riskini artıran faktorlar?
Əgər bədəninizdə yüksək səviyyədə sidik turşusu varsa, sizdə Podaqra inkişaf riski yüksəkdir. Bədəninizdə sidik turşusunun səviyyəsini artıran amillərə adətən aşağıdakılar daxildir:
- Qidalanma, pəhriz.
Ət və dəniz məhsulları ilə zəngin pəhriz yemək və fruktoza ilə şirinləşdirilmiş içkilər içmək orqanizmdə sidik turşusunun səviyyəsini artırır ki, bu da Podaqra riskini artırır. Spirtli içkilərdən itifadə etmək də riski artırır.
- Piylənmə
Podaqra riskini artıran başqa bir vəziyyət piylənmədir. Artıq çəki ilə əlaqədar olaraq, orqanizm normal səviyyəsindən daha çox sidik turşusu əmələ gətirir və böyrəklər, yığılmış sidik turşusunu çıxarmaqda daha çox çətinlik çəkirlər. Piylənmə yüksək sidik turşusu səviyyəsi ilə birbaşa əlaqəli bir vəziyyətdir. Sidik turşusu səviyyəsinin artmasının qarşısını almaq üçün həkiminizin nəzarəti altında tədricən arıqlama proqramı tətbiq edə bilərsiniz.
- Qazanılmış xəstəliklər.
Bəzi xəstəliklər Podaqra riskini artırır. Podaqra xəstələri adətən diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi, böyrək xəstəliyi və insult kimi digər ciddi sağlamlıq problemlərinə də meylli olurlar.
- Bəzi Dərmanlar
Hipertenziyası (yüksək qan təzyiqi) müalicə etmək üçün istifadə olunan bəzi dərmanlar və aşağı dozalı uzun müddətli aspirin istifadəsi də sidik turşusu səviyyəsini artıra bilər. Orqan transplantasiyası keçirmiş insanlara təyin olunan dərmanların istifadəsi də podaqra üçün risk faktorudur
- Genetik
Ailənin digər üzvlərində podaqra varsa,podaqra xəstəliyinin üzə çıxması yüksək ehtimaldır.
- Yaş və Cins
Podaqra kişilərdə daha çox rast gəlinir, çünki qadınlarda sidik turşusu səviyyəsi aşağı olur. Menopauzadan sonra qadınların sidik turşusu səviyyəsi kişilərinkinə yaxınlaşır. Kişilərdə 30-50 yaş arasında podaqraya daha çox rast gəlinir.
Podaqra diaqnozu necə qoyulur?
Podaqra diaqnozu üçün əvvəlcə qanda sidik turşusunun miqdarı yoxlanılır. Normada qanda sidik turşusunun qəbul edilə bilən maksimal səviyyəsi 7 mq/dl təşkil edir. Bu səviyyədən yuxarı sidik turşusu səviyyəsi Podaqra xəstəliyini göstərə bilər. Podaqra diaqnozu üçün yalnız yüksək miqdarda sidik turşusu kifayət deyil. Tam qan sayımı və romatoid faktor testi (RF) və ya digər revmatik testlər edilə bilər. Bu testlərə əlavə olaraq, rentgen müayinəsi də istifadə edilə bilər. Podaqra dəqiq diaqnozu üçün şişmiş və ağrılı oynaqlardan maye alınmalı və sidik turşusu kristallarının olması aşkar edilməlidir.
Podaqra Müalicəsi
Podaqra müalicəsində kəskin hücumlar arasındakı dövrlərdə və hücumlar zamanı müxtəlif üsullar tətbiq edilir. Kəskin podaqranın müalicəsində; ağrı kəsicilər, kolxisin adlı dərmanlar və steroidlər (kortizon) istifadə olunur. Qanda sidik turşusu səviyyəsi həddindən artıq yüksək olarsa, sidik turşusu ifrazını artıran dərmanlar istifadə edilə bilər. Bundan əlavə, yeni hücumların baş verməsinin qarşısını almaq üçün sidik turşusunun əmələ gəlməsini azaldan və kəskin dövr keçdikdən sonra sidik turşusu ifrazını artıran dərmanlar var.
Kəskin dövrdə xəstələrə bolluca istirahət etmək tövsiyə olunur. Fiziki fəaliyyət hücumların şiddətini artıra bilər. Podaqra müalicəsində iltihablı oynaqlara buz qoymaq; Podaqra simptomlarını, ağrıları və şişkinliyi azaltmaqda təsirli ola bilər.
Podaqra xəstələrinə nə yemək olmaz?
Podaqra pəhrizində qaraciyər və böyrək,kolbasa kimi qidalar yeyilməməlidir.
Qırmızı ət və toyuq əti məhdud miqdarda və yağsız istifadə edilməlidir. Kilkə ,sardina və pullu balıqlarda yüksək miqdarda purinlər var. Ümumi qırmızı və ağ ət istifadəsi gündə 60 qram və ya həftədə bir neçə gün 150 qramla məhdudlaşdırılmalıdır.
Həddindən artıq yağ böyrəklərdən sidik turşusunun ifrazını azaldır və onun orqanizmdə toplanmasına səbəb olur. Çünki; Podaqra pəhrizində yağlı ətlər, qızardılmış qidalar, tam yağlı süd məhsulları, kərə yağı, marqarin, tərkibində artıq yağ və şəkər olan şirniyyatlar və digər yüksək yağlı qidalar qəbul edilməməlidir.
Şəkər və ya yüksək fruktoza (meyvə şəkəri) qarğıdalı siropu ilə şirinləşdirilmiş içkilər xəstəlik riskini artırır. Bir araşdırma, çoxlu fruktoza istehlak edən insanların gut inkişaf riskinin 62% daha yüksək olduğunu göstərdi.
Bəzi spirtlər purinlərdə yüksəkdir və sidik turşusunun səviyyəsini yüksəldə bilər. Alkoqol həmçinin dehidrasiyaya (orqanizmin həddindən artıq susuzlaşmasına) səbəb olur ki, bu da orqanizmdən sidik turşusunun xaric olmasına mane olur.
Podarqa xəstələri nə yeməlidir?
- Bütün meyvələr ümumiyyətlə Podarqa üçün yaxşıdır. Podarqa qidalanmasında albalı giləmeyvəsi sidik turşusu səviyyəsini aşağı salmağa və iltihabı azaltmağa kömək edir və yeyilməlidir.
- Vitamin C sidik turşusu səviyyəsini azaldır və podarqa hücumlarının qarşısını almağa kömək edə bilər. Gündə ən azı 500 mq C vitamini qəbul etmək vacibdir.
- Podaqra pəhrizində kartof,badımcan və tünd yaşıl yarpaqlı tərəvəzlər daxil olmaqla bütün tərəvəzlər istifadə edilə bilər.
- Kərə yağı və ya marqarin əvəzinə zeytun yağı, qoz yağı və ya balıq yağı kimi qidalar oynaqların iltihabını azaltmağa kömək edir.
- Az yağlı süd məhsulları istifadə edilə bilər. Bəzi südlərdə D vitamini var və D vitamini çatışmazlığı podaqra ilə əlaqələndirilir.
- Yumurta yeyə edə bilərsiniz, ancaq podaqra pəhrizləri üçün qızardılmış yumurta tövsiyə edilmir.
Podaqra xəstələrinə tövsiyyələrim.
- Bədən çəkisi yüksəkdirsə mütləq arıqlamaq lazımdır.
- İdmanla vaxtaşırı məşğul olmaq.
- Zərərli vərdişlər,alkoqol və siqaretdən uzaq durmaq lazımdır.
- Gün ərzində bədən çəkisinə uyğun miqdarda bol maye qəbul etmək çox vacibdir.
Revmatoloq Dr.Vüsalə Atakişiyeva ilə əlaqə üçün buraya basın və ya +994 55 401 84 14.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.